Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Yüksəkixtisaslı Miqrant Proqramının fəaliyyətə başlamasının birinci ildönümünə həsr olunmuş görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində Yüksəkixtisaslı Miqrant Proqramının və onun icrası çərçivəsində yaradılmış Yüksəkixtisaslı Miqrant Portalının (pass.gov.az) rəsmi fəaliyyətə başlamasının birinci ildönümünə həsr olunmuş görüş keçirilib. Tədbirdə aidiyyəti dövlət orqanlarının, tərəfdaş təşkilatların, özəl sektorun və işəgötürənlərin nümayəndələri, eləcə də Proqramın qalibləri iştirak ediblər.

Görüşün məqsədi Proqramın və pass.gov.az portalının ilk ilinin yekunlarını qiymətləndirmək, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat vermək, yüksəkixtisaslı miqrant hesab edilmiş əcnəbi mütəxəssislərlə fikir mübadiləsi aparmaq, habelə tərəfdaşlarla gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Proqramın təsis edilməsinin əhəmiyyətindən və onun ölkəmizin miqrasiya siyasətindəki rolundan danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş Proqram yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsinə, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinə, eləcə də bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizminin formalaşdırılmasına xidmət edir.

Xidmət rəisi Proqramın birillik fəaliyyəti çərçivəsində əldə olunan nəticələrə toxunaraq, yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsinin, müraciət prosedurlarının əlçatanlığının artırılmasının və işəgötürənlərlə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Növbəti mərhələdə portalın funksional imkanlarının təkmilləşdirilməsinin, eləcə də aidiyyəti dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi tərəfindən Proqramın ilk ilinin yekunları, müraciətlərin və qiymətləndirmə prosesinin nəticələri, statistik göstəricilər, habelə Proqramın əcnəbi mütəxəssislər və yerli işəgötürənlər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Görüşdə çıxış edən Proqramın qalibləri Azərbaycanda peşəkar fəaliyyət imkanları və əldə etdikləri təcrübə ilə bağlı fikirlərini bölüşüb, müraciət və qiymətləndirmə prosedurları, eləcə də Proqramın tətbiqi ilə bağlı təkliflərini səsləndiriblər.

Qeyd olunub ki, Yüksəkixtisaslı Miqrant Proqramı Azərbaycanın beynəlxalq əmək bazarında cəlbediciliyinin artırılması, insan kapitalının inkişafı, bilik və innovasiyaların təşviqi, eləcə də ölkənin iqtisadi və elmi-texniki potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Proqramın icrası və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti