Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Diplomatik nümayəndəliklərin rəsmiləri ilə miqrasiya sahəsində yeniliklərə dair görüş keçirilib

30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Miqrasiya idarəçiliyi: Mövcud çərçivə və yeniliklər” mövzusunda görüş keçirilib. Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilən tədbirin məqsədi miqrasiya sahəsində son yeniliklər, qanunvericilikdə edilmiş dəyişikliklər və rəqəmsal həllər barədə iştirakçıları məlumatlandırmaq, eləcə də qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmaq olub.

Tədbiri giriş nitqi ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov iştirakçıları salamlayaraq bu formatda keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin məsul nümayəndəsi təmsil etdiyi qurumun miqrasiya idarəçiliyindəki rolundan danışıb və mövzu ətrafında fikirlərini  bölüşüb.

Ardınca iştirakçılara Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən islahatlar, qanunvericilik bazasında edilmiş son dəyişikliklər və bu dəyişikliklərin tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramı, eləcə də Proqram çərçivəsində müraciətlərin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edən “Yüksəkixtisaslı Miqrant Portalı” barədə məlumatlar da təqdim edilib. Təqdimat zamanı portalın yaradılmasında əsas məqsəd, funksional imkanları, istifadə qaydaları və yüksəkixtisaslı əcnəbilərin ölkəyə cəlb olunması istiqamətində təqdim etdiyi üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Sonda diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlarla miqrasiya sahəsində mövcud əməkdaşlığın vəziyyəti müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, praktik fəaliyyətdə qarşıya çıxan məsələlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və tövsiyələr dinlənilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti