Dövlət Miqrasiya Xidmətində əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlərlə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətində əmək miqrasiyası qanunvericiliyinin tətbiqi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə ənənəvi görüş keçirilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak edib. Tədbirin məqsədi qanunvericiliyə edilmiş son dəyişikliklər və yeniliklər barədə işəgötürənlərin məlumatlandırılması, həmçinin işəgötürənləri miqrasiya sahəsində maraqlandıran məsələlərin müzakirəsi olub.
DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev və digər məsul şəxslərin çıxış etdiyi tədbirdə işəgötürənlərin nümayəndələri ilə keçirilən ənənəvi görüşlərin əmək miqrasiyası prosesinin idarə olunmasında, bu sahədə qanunvericiliyin tətbiqinin təkmilləşdirilməsində maarifləndirmə baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə əmək miqrasiyası və əcnəbi iş adamlarının iqtisadi fəaliyyəti ilə bağlı aktual məsələlər, yüksək ixtisaslı miqrantlarla bağlı qanunvericilikdəki yeni müddəalar və bu statusun əldə olunma mexanizmi, həmçinin yaşama icazələrinin elektron qaydada təmin edilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb.
Daha sonra Yüksəkixtisaslı Miqrant Proqramı və Portalı, müraciət qaydaları və portalın funksionallıqları barədə təqdimat olub. Eyni zamanda, yaxın vaxtlarda yaşama icazələri vəsiqələrinin elektron qaydada təqdim olunmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası