Azərbaycanın sədrliyi ilə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə “Çempion ölkələr”in görüşü keçirilib
Azərbaycan Respublikasının 2026-cı il üzrə “Çempion ölkələr” təşəbbüsünə həmsədrliyi çərçivəsində ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə 5-8 may 2026-cı il tarixlərində BMT-nin Baş Qərargahında keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq məqsədilə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə “Çempion ölkələr”in virtual görüşü keçirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Forumun qlobal miqrasiya idarəçiliyində nailiyyətlərin və çağırışların müzakirəsi üçün əsas hökumətlərarası platforma olduğunu vurğulayıb. Sözügedən tədbir çərçivəsində qəbul ediləcək Tərəqqi Bəyannaməsinin yeni tərəfdaşlıqların müəyyənləşdirilməsi üçün mühüm imkan yaratdığını qeyd edib.
BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis çıxışında beynəlxalq əməkdaşlığın miqrasiya sahəsində dəyişən çağırışların həllində vacibliyini diqqətə çatdırıb.
Daha sonra “Çempion ölkələr” arasında qarşıdan gələn ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunun gündəliyi və Tərəqqi Bəyannaməsinin layihəsi ətrafında interaktiv fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Çempion ölkələr” təşəbbüsü “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın səmərəli icrasını dəstəkləmək, izləmək və nəzərdən keçirmək məqsədilə BMT-nin Miqrasiya Şəbəkəsinin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında təsis edilib. Belə ki, bu təşəbbüsə qoşulan ölkələr “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına dair aparıcı ölkələr hesab olunur, habelə onların öz təcrübələri və fəaliyyətləri ilə digər ölkələrə nümunə olmaları nəzərdə tutulur. Hazırda bu təşəbbüsə 41 ölkə qoşulub.
Azərbaycan Respublikası
