Dövlət Miqrasiya Xidmətində “Süni intellekt savadlılığı proqramı” mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində Xidmət əməkdaşları üçün “Süni intellekt savadlılığı proqramı” mövzusunda təlim keçirilib.
Dövlət Miqrasiya Xidməti və ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimi Mərkəzin mütəxəssisi Nofəl Əliyev aparıb.
Məqsəd əməkdaşların süni intellekt anlayışı, onun dövlət idarəçiliyində tətbiq imkanları, eləcə də gündəlik iş prosesində istifadəsi ilə bağlı biliklərinin artırılması, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və innovativ yanaşmaların formalaşdırılmasına töhfə vermək olub.
Təlim çərçivəsində süni intellektin əsas prinsipləri, məlumatların emalı və analizi, qərarvermə proseslərində süni intellekt alətlərindən istifadə imkanları, eləcə də bu sahədə beynəlxalq təcrübələrə dair nümunələr iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin əməkdaşlara mövcud süni intellekt alətləri vastəsilə bir sıra praktiki həllər nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası