newsPhoto

Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramının icrasından irəli gələrək yaradılan Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi keçirilib.

Portal “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının (your Path to Azerbaijan for Success Story) abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur. Qeyd edək ki, “pass” həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən terminologiya kimi istifadə olunan ifadədir. Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edən portal, həmçinin işəgötürənlərə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış imkanı yaradır. İstifadəçilərin məlumatlara daha rahat və səmərəli çıxış imkanını təmin etmək məqsədilə Azərbaycan, türk, rus və ingilis dillərində fəaliyyət göstərən portal vasitəsilə istifadəçilər Proqram və müraciətlə bağlı əlavə suallarına cavab tapacaq, eyni zamanda sorğu, təklif və digər müraciətlərini Dövlət Miqrasiya Xidmətinə ünvanlaya biləcəklər.

Portalın təqdimat mərasimində aidiyyəti dövlət orqanlarının, işəgötürənlərin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, həmçinin Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının, İctimai Şuranın və Miqrant Şurasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramının məqsəd və vəzifələrindən bəhs edib. O bildirib ki, proqram Azərbaycanın yüksəkixtisaslı əcnəbi mütəxəssislər üçün etibarlı və cəlbedici təyinat ölkəsinə çevrilməsinə, yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarının təşviqinə xidmət edir.

Vüsal Hüseynov çıxışında vurğulayıb ki, portalın yaradılması ilə yüksəkixtisaslı miqrantların ölkəyə cəlbi, müraciətlərin idarə olunması, məlumatların təhlükəsizliyi və dövlət orqanları arasında inteqrasiya prosesləri elektronlaşmaqla daha çevik və şəffaf şəkildə həyata keçiriləcək. Layihənin həyata keçirilməsi bilik əsaslı iqtisadiyyatın inkişafına, əmək bazarının ehtiyaclarının səmərəli şəkildə qarşılanmasına, eləcə də innovasiya və elmi-texniki potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.

Xidmət rəisi həmçinin, proqramın təmin etdiyi güzəşt və imtiyazlar, əcnəbinin yüksəkixtisaslı miqrant hesab edilməsi meyarları, qiymətləndirmə qaydası barədə təqdimatla çıxış edib.

Daha sonra Xidmətin məsul vəzifəli şəxsi tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı, portala müraciət forması və müraciət üçün tələb olunan sənədlər barədə geniş məlumat verilib, o cümlədən portalının istifadə qaydaları və funksionallıqları ilə bağlı video təlimat nümayiş olunub.

Sonda iştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti