Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib
Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müasir dövrün çağırışları fonunda Azərbaycan Respublikasında miqrasiya idarəetmə sisteminin inkişafı” mövzusunda seminar təşkil olunub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Xidmət yanında fəaliyyət göstərən İctimai Şura, Miqrant Şurası, eləcə də “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri iştirak ediblər.
Seminarda çıxış edən Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı Sərəncamının dövlətçilik tariximizin, suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi və geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Dövlət Miqrasiya Xidmətinin bu istiqamətdə silsilə tədbirlər həyata keçirdiyini və seminarın həmin tədbirlərin davamı olduğunu qeyd edib.
Sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Miqrant Şurasının üzvü Muhterem Hüseyn Öz və "Miqrasiya Könüllüsü" İctimai Birliyinin sədri Şəbnəm İbrahimli çıxış ediblər.
Seminarda ölkəmizin miqrasiya siyasətinin və qanunvericiliyin tələblərinin icrasına yönəlik miqrasiya idarəetmə sisteminin inkişafına təsir edən innovativ və rəqəmsal həllərin tətbiqi, o cümlədən əcnəbilərin maarifləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib. İctimai Şura və Miqrant Şurası vasitəsilə Xidmətin fəaliyyətinə ictimai nəzarətin gücləndirildiyi, əcnəbilərə göstərilən xidmətlərin keyfiyyətinin və şəffaflığın artırıldığı diqqətə çatdırılıb.
Azərbaycan Respublikası