Azərbaycan Respublikası və Çin Xalq Respublikası vətəndaşlarına vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin məlumatı
Azərbaycan Respublikasının 2025-ci il 30 may tarixli 208-VIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 16 iyul 2025-ci il tarixində qüvvəyə minmişdir.
Sazişə əsasən etibarlı ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşları da Çin Xalq Respublikasının ərazisinə hər səfər müddətində 30 gün olmaqla və hər 180 günlük dövr ərzində 90 gündən çox olmamaqla vizasız daxil ola, çıxa və tranzitlə keçə bilərlər.
Çin Xalq Respublikasının vətəndaşları Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Ölkə ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti, təhsil, media fəaliyyəti və ya digər xüsusi fəaliyyətlərlə məşğul olmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə -pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası