newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Xidmətin Bakı şəhər regional miqrasiya baş idarəsinin inzibati binasında keçirilən tədbirdə İctimai Şuranın yeni 5-ci tərkibinin 2023-cü il üzrə fəaliyyətinin yekunları, əldə edilmiş uğurlar barədə fikir mübadiləsi aparılıb, eyni zamanda İctimai Şuranın növbəti, 2024-cü il üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Ramil İskəndərli tərəfindən son aylarda Şura üzvlərinə müraciət edən və ehtiyacı olan miqrantlara göstərilən zəruri hüquqi yardımlar barədə məlumatlar təqdim olunub. İctimai Şura üzvləri Bakı və Naxçıvan şəhərlərində yerləşən Xidmətin Qanunsuz miqrantların saxlanma mərkəzlərinə təşkil olunmuş monitorinq səfərlərinin nəticələrini, miqrasiya sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil edilmiş yerli və beynəlxalq əhəmiyyətli tədbir və görüşlərdə iştirakı yüksək qiymətləndiriblər.

İclas zamanı qarşıdan gələn 2024-cü ildə İctimai Şuranın əcnəbilərin hüquqları və yerli cəmiyyətə inteqrasiyası, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər fəaliyyət istiqamətləri, həmçinin həyata keçiriləcək tədbirlər barədə geniş müzakirələr aparılıb və ümumi yol xəritəsi müəyyən olunub.

İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Adəm Salahov İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirləri müsbət dəyərləndirib. Gələcəkdə icrası nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsində təmsil etdiyi qurum tərəfindən zəruri təşkilati və texniki dəstəyin göstəriləcəyini bildirib.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur