newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” adlı tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr - Beynəlxalq Miqrant Günündə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə əcnəbi gənclərin və tələbələrin iştirakı ilə “Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun ölkəmizin müxtəlif inkişaf istiqamətləri üzrə dillər əzbərinə çevrilmiş şüarlarının əcnəbi tələbələr tərəfindən Azərbaycan dilində səsləndirildiyi videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrant Günündə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illliyinə həsr olunmuş bu görüşün keçirilməsinin əhəmiyyətinə toxunub. Tədbirin əsas məqsədlərini diqqətə çatdıran Xidmət rəisi Ulu Öndərin banisi olduğu multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsindən danışıb. Azərbaycanda yaşayan hər kəsin, o cümlədən miqrantların özlərinin gündəlik həyatlarında Ümummilli Liderin əsasını qoyduğu sabitliyin, inkişafın, eləcə də multikulturalizm siyasətinin bəhrəsini hiss etdiklərini qeyd edib. Bildirib ki, millətinin sonsuz sevgi və məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Həmçinin Vüsal Hüseynov ölkəmizdə miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi tədbirləri, layihələri diqqətə çatdırıb.

Daha sonra tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Müjdat Həsənov çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin, eyni zamanda təhsil sahəsində ardıcıl, davamlı dövlət siyasətinin müəyyən edilməsinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar.  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gənclərin cəmiyyət həyatında fəal iştirakına, elm və təhsilin inkişafına verilmiş xüsusi önəmi diqqətə çatdırıblar. Azərbaycanda ölkə vətəndaşları ilə yanaşı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqlarını qeyd ediblər. 

Tədbirdə Azərbaycanda yaşayan əcnəbilərin ölkəmizlə bağlı düşüncələrinin ekranlaşdırıldığı “Müxtəliflikdən birliyə: Azərbaycandan miqrant səsləri” adlı videoçarx nümayiş olunub.  

Sonra ölkəmizdə yaşayan minlərlə əcnəbidən biri, hazırda müəllim kimi fəaliyyət göstərən, Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının fəal üzvü Nick Nwolisa Ifeanyichukwu Chinedu həyat hekayəsini və ölkəmizlə bağlı xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə əcnəbi tələbələrin iştirakı ilə keçirilən “Azərbaycanı nə qədər tanıyıram?” adlı intellektual yarış da maraqlı anlarla yadda qalıb.  

Daha sonra Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində xüsusi yeri olan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun Ümummilli Liderin 100 illiyi münasibətilə təşkil etdiyi 17-ci qrant müsabiqəsinin qalibi olan “El bilir ki, sən mənimsən” adlı layihəsi çərçivəsində reallaşan esse müsabiqəsində birinci yeri tutan şagird çıxış edib.

Tədbirin bədii hissəsində ölkəmizdə yaşayan, Azərbaycanın zəngin musiqi sənətindən ilhamlanan, onun bənzərsizliyini duyan, təbliğ edən əcnəbilərin ifaları dinlənilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur