newsPhoto

“Miqrasiya Məktəbi – 5” layihəsinin bağlanış mərasimi keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 5” layihəsinin bağlanış  mərasimi keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək layihədə iştirak edən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 2018-ci ildən hazırki tarixədək ümumilikdə 5 Miqrasiya məktəbi çərçivəsində 100-ə yaxın gəncin iştirakı ilə 150-dən çox təlim keçirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla reallaşdırılan  5 “Miqrasiya məktəbi” layihəsi gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılmasına və dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edib.

Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən cənab Amr Taha, DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək layihə iştirakçılarına ürək sözlərini bildirib və öz təəssüratlarını bölüşüblər.   

Sonra “Miqrasiya məktəbi - 5” layihəsi çərçivəsində keçirilmiş təlimlərlə bağlı video-icmal nümayiş olunub.

Sonda  “Miqrasiya Məktəbi - 5” layihəsini uğurla bitirmiş iştirakçılara sertifikatlar, “Miqrasiya məktəbi - 5” layihəsində fərqlənən təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş, 20 iştirakçının olduğu “Miqrasiya Məktəbi – 5” layihəsi çərçivəsində reallaşdırılan 30 təlim DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, layihə üzrə tərəfdaşlar, eləcə də dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib. Bundan əlavə, iştirakçıların Xidmətin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinə, qəbul şöbəsi və Çağrı mərkəzi şöbəsinə, eləcə də Xaçmaz regional miqrasiya idarəsinə və “Quba Asan Xidmət” mərkəzinə (miqrasiya bölməsinin işi ilə tanışlıq məqsədilə) təlim səfərləri təşkil olunub və Xidmətin müvafiq struktur bölmələrində praktika keçmələrinə şərait yaradılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur