newsPhoto

Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə 19 iyun 2023-cü il tarixdə Bakı şəhərində Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirib.

Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycana akkreditə olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, beynəlxalq və yerli humanitar və inkişaf təşkilatlarının, özəl şirkətlərin, həmçinin qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak edib.

Tədbirdə Ümumdünya Qaçqınlar Gününün qeyd olunmasının əhəmiyyətindən danışılıb,  qaçqınların olduqları ölkələrdə təcrid olunmamalarının vacibliyi vurğulanıb. BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Bik Lum tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən didərgin salınmış milyonlarla insanla həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib.  

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda beynəlxalq standartlara cavab verən effektiv milli sığınacaq sistemi yaradıldığını, ölkəmizin sığınacaq və qaçqın məsələləri ilə bağlı beynəlxalq müstəvidə də fəal olduğunu vurğulayıb. Vüsal Hüseynov Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının müvafiq qətnaməsi əsasında təsdiqlənmiş Qaçqınlar üzrə Qlobal Paktın qəbulunu ilk olaraq dəstəkləyən ölkələr sırasında olduğunu qeyd edib. Azərbaycan hökumətinin ilk Qlobal Qaçqın Forumunda fəal iştirak etdyini, II Qlobal Qaçqın Forumuna ciddi hazırlaşdığını vurğulayan Xidmət rəisi, birgə yaşayışın, birgə mövcudluğun önəmi baxımından Azərbaycanın nümunə ola biləcək ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

Tədbirdə həmçinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edib.

İştirakçılara həmçinin Ümumdünya Qaçqınlar Günü kampaniyası çərçivəsində keçirilmiş “İstədiyimiz gələcək: Dayanıqlı İnkişaf Məqsədləri (SDG) uşaqların gözü ilə” rəsm müsabiqəsinin nəticələri barədə məlumat verilib. Azərbaycanda olan qaçqın uşaqların yerli həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını artırmaq imkanlarına şərait yaradıldığı qeyd olunub.

Tədbir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı ilə başa çatıb.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur