newsPhoto

Regional miqrasiya idarələrində peşə bayramı ilə əlaqədar tədbirlər davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar Şirvan və Lənkəran regional miqrasiya idarələri tərəfindən silsilə tədbirlər təşkil olunub.  Peşə bayramı ilə əlaqədar Şirvan şəhərində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və müavinləri, Şirvan regional miqrasiya idarəsinin əməkdaşları iştirak edib. Görüşdə 16 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması istiqamətində görülən işlərdən danışılıb.  

Daha sonra Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan regional miqrasiya idarəsinin bir qrup əməkdaşı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Həmçinin Şirvan və Lənkəran regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Şirvan və Lənkəran şəhərlərində Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Peşə bayramı ərəfəsində Şirvan və Lənkəran RMİ-nin əməkdaşları tərəfindən talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyaları da keçirilib.

Tədbirlər silsiləsinin davamı olaraq Lənkəran və Şirvan regional miqrasiya idarələri tərəfindən Masallı, Salyan və Sabirabad şəhərlərində maarifləndirmə tədbirləri təşkil olunub.

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, həmçinin ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması, onlara yaşamaq üçün icazələrinin verilməsi qaydaları, Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər, qanunsuz miqrasiyaya  və insan alverinə qarşı mübarizə sahəsində görülən işlərlə bağlı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda Şirvan və Lənkəran RMİ-nin xidməti ərazilərində yaşayan ümumilikdə 13 nəfərə səyyar xidmət göstərilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur