newsPhoto

Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında ənənəvi görüş keçirilib

https://www.youtube.com/watch?v=nIaYInl_6ow

Müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev pandemiyadan sonra ilk dəfə keçirilən canlı görüşün əhəmiyyətinə toxunub. Davamlı olaraq təkmilləşən elektron xidmətlərdən istifadənin sayının artmasını təqdirəlayiq hesab edən Baş idarə rəisi işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri ilə əlaqədar əmək miqrasiyası ilə bağlı müraciət sayının artımını da vurğulayıb. İ.Abdullayev iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Baş idarə rəisi, eyni zamanda, əcnəbilərlə əmək müqaviləsinin bağlanmasının vacibliyini xüsusi vurğulayıb. Belə ki, qeyri-leqal fəaliyyət göstərən işçilər gələcəkdə qanunsuz miqranta, insan alverinin qurbanına çevrilə bilər.

DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin iş icazələrinin verilməsi şöbəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aygün Nağıyeva Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına yönələn vacib institusional islahatların aparılması istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Xarici işçi qüvvəsinə tələbat haqqındakı proqnoz-məlumat əsasında təhlillərin aparıldığını bildirən A.Nağıyeva işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə əlaqədar ötən illə müqayisədə bu il təsdiqlənmiş kvota vahidinin 1000 vahid artaraq, 8740-a çatdığını bildirib. Şöbə rəisi, 2023-cü il üçün təqdim olunan əcnəbi işçi qüvvəsi üçün kvota proqnozunun 25%-nin Qarabağda fəaliyyət göstərən şirkətlər tərəfindən verildiyini diqqətə çatdırıb. Tədbir iştirakçılarına həmçinin kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının düzgün doldurulması və s. barədə də tövsiyələr olunub.

Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini, xüsusilə göstərilən elektron xidmətləri yüksək qiymətləndiriblər. Sonda Xidmət rəsmiləri iştirakçıları maraqlandıran sualları cavablandırıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur