newsPhoto

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Gəncə, Ağsu, Xaçmaz, Şəki, Lənkəran, Yevlax və Şirvan regional miqrasiya idarələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub. Əvvəlcə ümummilli liderin rayon mərkəzlərində yerləşən abidəsi ziyarət olunub,  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Keçirilən tədbirlərdə çoxəsrlik dövlətçilik tarixində xüsusi yeri olan Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, ömrünü doğma Vətənin inkişafına və xalqının rifahına həsr edib. Qeyd olunub ki, Müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi dahi liderin adı ilə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əsaslı tərəqqisinin həyata keçirildiyi vurğulanıb. İşğaldan azad olunmuş torpaqlarımızın yenidən inkişafı istiqamətində böyük işlər görüldüyü diqqətə çatdırılıb.