newsPhoto

“Miqrasiya Məktəbi - 4” layihəsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi - 4” layihəsinə start verilib.

 

Açılış tədbirində əvvəlcə müsabiqədə uğur qazanmış 20 iştirakçını təbrik edən  Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil olunan kursun əhəmiyyətindən danışıb. DMX tərəfindən miqrasiya sahəsində savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini bildirən Xidmət rəisi “Miqrasiya Məktəbi - 4” layihəsinin də gənclərin yeni bilik və təcrübə qazanacaqlarına əminliyini ifadə edib.

Layihə çərçivəsində iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacağını deyən Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb.

Daha sonar ilk təlimlər keçirilib.

 

Xatırladaq ki, 6 ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır. Təlimlər DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcək.