newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Xidmət rəisi miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət dairəsi, eləcə də COVID-19 pandemiyası dövründə miqrasiya idarəçiliyində tətbiq olunan yanaşmalar barədə qonağı məlumatlandırıb.  Azərbaycanla Özbəkistan arasında miqrasiya sahəsində hüquq-müqavilə bazasının gücləndirilməsi istiqamətində görülən işlərin önəminə diqqət çəkilib, qanunsuz miqrasiya sahəsində əməkdaşlıq, eləcə də icazəsiz yaşayan şəxslərin readmissiyası ilə bağlı müvafiq beynəlxalq müqavilələrin imzalanması ilə mövcud əməkdaşlığın daha da güclənəcəyinə əminlik ifadə olunub.

 Səmimi qəbula görə təşəkkür edən Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilk növbədə 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbə və işğal altında olan torpaqlarımızın azad olunması ilə əlaqədar təbriklərini çatdırıb və Azərbaycanın 30 illik haqq mübarizəsini daim dəstəklədiklərini bildirib. COVID-19 pandemiyası dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin olunması üçün Xidmət tərəfindən həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini bildirən səfir miqrasiya idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, eləcə də bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Xidmət rəisi cənab Prezidentin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması ilə regionda artıq sülhün bərqərar olduğunu, inkişaf üçün yeni imkanların yarandığını vurğulayıb. Azad olunmuş torpaqlarda yenidənqurma və bərpa işlərinin sürətlə davam etdirildiyini bildirən Vüsal Hüseynov bu proseslərin xüsusilə əmək miqrasiyası sahəsində dinamikaya təsirinin rolunu vurğulayıb.

Sonda əmək miqrasiyası da daxil olmaqla, miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.