newsPhoto

“Qaliblər düşərgəsi” bu dəfə də qonaqlı-qaralı olub

Vətən müharibəsi şəhidləri üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin 12-ci günündə iştirakçıların digər qrupu Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına yollanıblar. Ərazi ilə tanış olan Qaliblər maraqlı anlar yaşayıblar.

Daha sonra günün proqramına uyğun təlimlər keçirilib. Bundan başqa, Qaliblərin hər biri şəhid atalarının adına düşərgə ərazisində ağac əkiblər.

“Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə də qonaqlarını sevinclə qarşılayıblar. Onların görüşünə əməkdar artist Bəhram Bağırzadə gəlib. O, karyerasında qazandığı uğurlara aparan yoldan, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasında, “Planet Parni iz Baku” KVN Teatrında və “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bomba” filmlərində oynadığı yaddaqalan rollardan danışıb. Həmçinin uşaqlara öz kitabları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Düşərgəyə təşrif buyuran Dövlət Miqrasiya Xidmətinin rəisi, “Qaliblər düşərgəsi”nin Təşkilat Komitəsinin rəhbəri Vüsal Hüseynov və Beynəlxalq Valyuta Fondu sədrinin baş müşaviri, “For Azerbaijan” Beynəlxalq Təşkilatının sədri Samir Süleymanov uşaqlarla görüşüb, onlarla birgə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının tamaşalarına baxıblar.