newsPhoto

“Qaliblər düşərgəsi” maraqlı ekskursiya və qonaqları ilə davam edir

Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə ADA Universitetinə yollanıblar. Universitetin prorektoru Fariz İsmayılov Qaliblərlə görüşüb, onlara Universitet barədə məlumat verib. Ali təhsil müəssisəsini gəzdikdən sonra uşaqlar Eltac Cəbiyev tərəfindən “Mən ixtisasımı seçməyə hazırammı? Gələcəyin və bu günün ixtisasları hansılardır?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü inkişaf etdirməliyəm: Liderlik bacarığı nədir?” mövzularında təlimləri dinləyiblər.

Düşərgədə günün proqramına uyğun olaraq, iştirakçılar divar üzərində rəsm, rəqs dərsləri, idman yarışlarına qatılıblar.

Qaliblər, düşərgənin 10-cu gününün qonağı olan xalq şairi Ramiz Rövşəni qarşılayıblar. Xalq şairi yaradıcılığının müxtəlif mərhələləri və şeirlərinin ərsəyə gəlmə səbəblərindən danışıb, şeirlər səsləndirib, uşaqları maraqlandıran sualları cavablandırıb.

Qaliblər günə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya ilə yekun vurublar. Qoruğun tarixi ilə tanış olduqdan və ərazini gəzdikdən sonra əyləncəli viktorinalarda iştirak edərək hədiyyə qazanıblar.