newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Ramil Rüstəmovun Azərbaycan-Türkiyə münasibətlərində Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti barədə məqaləsi

Azərbaycan-Türkiyə əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir. Bu münasibətlər tarix boyu da davam etdirilmişdir. Məlumat üçün qeyd edək ki, ilk azərbaycanlı diplomat qadın Sara xatun türk sultanı II Mehmetlə münasibətlərində bir-birilərinə ana-oğul, I Təhmasiblə sultan II Bəyazid isə ata-oğul deyə müraciət etmişlər. Sonrakı tarixi yazışmalarda da Azərbaycan və Türkiyə hakim siyasi elitası qarşılıqlı dostluq münasibətlərində olublar. I Dünya müharibəsi zamanı Çanaqqala savaşında 15 min nəfərədək azərbaycanlı türk qardaşlarımıza kömək məqsədilə Osmanlı torpaqlarında qəhrəmanlıqla döyüşmüş və 3 minədək azərbaycanlı şəhid olmuşdur. 1918-ci ildə isə azərbaycanlı qardaşlarını düşmən caynağından qurtarmaq üçün Nuru Paşanın komandanlığı altında Türk Ordusu Azərbaycan torpaqlarının azad edilməsində qəhrəmanlıqla vuruşmuşdular.

Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulmuşdur. Böyük Atatürkün söylədiyi "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" fikri onu deməyə əsas verir ki, bu iki ölkə arasında dərin tarixi bağlar mövcuddur. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər də hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə - 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyə hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən daim dəstək verərək, problemin Azərbaycanın ərazi bütövlü­yü və sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədi bağlayan Türkiyə bugünədək bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2003-cü ilin oktyabr ayında "Gülüstan" sarayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyə haradadır, Azərbaycan da oradadır, Azərbaycan haradadır, Türkiyə də oradadır" sözlərini söyləməsi Türkiyənin Azərbaycanın əsas müttəfiqi olduğunu bir daha nümayiş etdirdi və iki ölkə arasında münasibətlərin gələcək illərdə daha da genişlənəcəyinə əminlik yaratdı. Bu isti münasibətlərin hüquqi əsası kimi 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni göstərmək olar. Bu müqavilələrdə də iki qardaş dövlət arasında siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsi əsas prioritet kimi qarşıya qoyulmuşdur. Bu müqavilələrdən irəli gələn vəzifələr zaman-zaman yerinə yetirilmiş, iki ölkənin daha da güclənməsində əhəmiyyətli rol oynamışdır.

Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək zirvəsi isə 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsidir. Bu Bəyannamə indiyə kimi iki ölkə arasında imzalanmış müqavilələr içərisində ən möhtəşəmidir və hər iki ölkə üçün olduqca böyük tarixi əhəmiyyəti vardır. Bu Bəyannamənin tarixi əhəmiyyətini siyasi, iqtisadi, mədəni, hərbi və humanitar aspektlərdən aşağıdakı kimi izah etmək olar:

Siyasi aspekt - Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, 44 günlük Vətən müharibəsində qələbə qazandı, Ermənistanın 30 illik təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyinin böyük əhəmiyyəti olmuş və dövlətimiz bu dəstəyi yüksək qiymətləndirmişdir. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Hərbi aspekt - Bu Bəyannaməyə əsasən iki qardaş ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah-sursatların idarə olunmasında sıx əməkdaşlığı, bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfələr verəcək, sahib olduqları silah-sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar, xidmətlər sahəsində daxili, eləcə də beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. İki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

İqtisadi aspekt - Hər iki ölkə ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişafı istiqamətində səylərini artıracaqlar. Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəkdir.

Mədəni aspekt - Azərbaycan və Türkiyə xalqları ortaq mədəniyyətə malik olan qardaş xalqlardır. Şuşa Bəyannaməsində, həmçinin hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsi əks olunmuş, tarixi və mədəni irslərin qorunması üçün birgə fəaliyyətin olacağı göstərilmişdir. Hər iki ölkə Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər. Bu Bəyannamə Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəkdir.

Humanitar aspekt - Azərbaycan vətəndaşlarının Türkiyə ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşma ölkələrin milli maraqlarına tam cavab verir. Həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir ölkənin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılıqlı şəkildə asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsi müqavilədə öz əksini tapmışdır. Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəkdir.

Göründüyü kimi, Şuşa Bəyannaməsi indiyə qədər iki ölkə arasında mövcud əlaqələrdən daha geniş sahələri əhatə edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud olan münasibətlərdə Şuşa Bəyannaməsinin tarixi və strateji önəmi  hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, artıq Azərbaycan nəinki Qafqazda, həmçinin regionda siyasi-iqtisadi güc dividenti qazanmaqla, modern ordu quruculuğu ilə müstəqillik tariximizdə ən yüksək səviyyəyə nail olmaqla yanaşı, lider dövlət pilləsinə keçmiş olacaq. Artıq Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığının şahidi oluruq. Dövlətimiz Şuşa Bəyannaməsi vasitəsilə yeni mərhələyə qədəm qoydu. Təbii ki, iki ölkə arasında bu cür pik həddə çatan münasibətlərin qurulmasında, Azərbaycanın güclü dövlət kimi formalaşmasında və onun regionda söz sahibi olmasında nüfuzlu dövlət xadimi, cənab prezidentimiz İlham Əliyevin çox böyük rolu olmuşdur. Məhz onun səyi və dəmir iradəsi nəticəsində bu reallıqlar meydana çıxdı.

Ramil Rüstəmov

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı,

Tarix üzrə fəlsəfə doktoru