newsPhoto

Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun vətəndaşsızlıq məsələləri ilə əlaqədar “Azərbaycanda Vətəndaşsızlıq: Nailiyyətlər və hədəflər” adlı jurnala müsahibəsi

Rza müəllim, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyət nələrdən ibarətdir?

- Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı cənab Prezidentin 6 mart 2008-ci il tarixli Fərmanı ilə müəyyən edilmişdir. Hazırda Xidmət Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə vəsatətlərə, habelə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak edir. Həmçinin, Xidmət Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirir. Bundan əlavə, vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Vətəndaşlıq hüququnun mahiyyəti və önəmi barədə məlumat verərdiniz.

- Qeyd olunmalıdır ki, vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Şəxs öz hüquq və azadlıqlarını yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və onun hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin. Beləliklə, vətəndaşsızlıq vəziyyətində qalmaq şəxslərin gündəlik həyatda bir sıra çətinliklərlə qarşılaşmalarına, habelə təhsil, əmək və sosial təminat hüquqlarından istifadə etmələrini məhdudlaşdırır.

Kimlər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

 - Bu Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in)  vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

- 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

- 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

 Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşsızlıq hallarının həlli üçün hansı hüquqi təminatlar nəzərdə tutur?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər və 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar.

Bundan əlavə, sözügedən Qanunun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Bu isə o deməkdir ki, mövcud qanunvericilik vətəndaşsızlıq halında doğulma hallarına yol açmır.

 “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri barədə məlumat verilmişdir. Belə ki, adıçəkilən qaydanın 4.3-cü bəndində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və ölkənin ərazisini tərk etməyən şəxslərin bu qanun qüvvəyə mindiyi günədək respublikamızda yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətlərinin tanınması kimi mühüm əhəmiyyət kəsb edən müddəa öz əksini tapıb. Bunu vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və humanitar siyasətin nəticəsi kimi qiymətləndirmək olar.

Bundan başqa, ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin naturalizasiyasını asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli  Qanunu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir.

Həmin dəyişikliyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.

 Ölkə ərazisində vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində hal-hazıradək hansı işlər görülmüş və bundan sonra nə kimi hədəflər vardır? ?

 - Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə 28 aprel 2015-ci il tarixdən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kompaniyası çərçivəsində qəbul etdiyi “Qlobal fəaliyyət planı”na qoşulmuşdur.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur.

Bununla belə, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir.

Azərbaycan Respublikasında vətəndaşsızlıq hallarının qarşısının alınması və azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində ölkənin şəhər və rayonlarında Dövlət Miqrasiya Xidməti tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Bununla yanaşı, Xidmətin regional miqrasiya idarələrinin xətti ilə yerli icra hakimiyyəti orqanları ilə birlikdə çoxsaylı görüşlər təşkil olunub, izahedici söhbətlər aparılıb və sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər görülmüşdür.

2016-2018-ci illər ərzində Azərbaycan Respublikasında qanunsuz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində çoxsaylı görüşlər və maarifləndirmə tədbirləri keçirilmiş və keçirilmiş görüşlər nəticəsində ümumilikdə 389 nəfər qəbul edilmişdir. Həmin şəxslərdən 194 nəfərin leqallaşdırılması istiqamətində işlər görülmüşdür.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində konkret işlər görülməsi, Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın ayrı-ayrı bölgələrində vətəndaşsızlıqla bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin və görüşlərin keçirilməsi öz müsbət nəticəsini verir. Belə ki, istər vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, istərsə də vətəndaşlığa qəbulla bağlı müraciətlərin sayı bunu deməyə əsas verir.

Görüləcək işlərlə bağlı isə bildiririk ki, 2019-cu ilin 7-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 70-ci sessiyasında Azərbaycan Respublikası növbəti 3 (üç) il ərzində ölkə ərazisində qeydə alınmış vətəndaşlığı olmayan şəxslərin naturalizasiyasının təmin ediləcəyini qeyd etmişdir.

Bu məqsədlə ölkə ərazisində vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində müvafiq işlərin görülməsi sürətləndirilmişdir. Belə ki,  ölkə ərazisində qeydə alınmış vətəndaşlığı olmayan şəxslərlə bağlı yekun siyahının dəqiqləşdirilməsi və növbəti 3 (üç) il ərzində onların naturalizasiyasının təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq təhlillər aparılmışdır. Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş 494 nəfərin ünvanlarına müvafiq məktublar göndərilərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunmuşdur. Bu müddət ərzində 2019-cu il oktyabr ayının 7-dən 2020-ci il dekabrın 18-dək Azərbaycan Respublikasında yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilmişdir. Eləcə də, həmin müddət ərzində 52 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş şəxs, 34 nəfər isə vətəndaşsızlıq vəziyyətində olan şəxs (cəmi 86 nəfər) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur.

Beləliklə, ölkə ərazisində vətəndaşsızlıq halları tam aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən bu istiqamətdə genişmiqyaslı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.