newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüşüb

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının idarə heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Baumanın da iştirak etdiyi görüşdə qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ənənəvi görüşün dövlət qurumları və özəl sektor arasında dialoqun inkişafına müsbət təsirindən söhbət açıb. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsində özəl sektorun iştirakı qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfədir. Pandemiya dövründə əməkçi miqrantların sağlamlığının xüsusi diqqətdə saxlanıldığını vurğulayan Xidmət rəisi, həyata keçirilən elektronlaşmanın əhəmiyyətindən, miqrantlara tətbiq edilən güzəştlərdən danışıb. İş icazəsi ilə bağlı şirkətlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün sorğuların hazırlandığını vurğulayıb.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının idarə heyətinin sədri Fərid İsayev sağlam biznes mühitinin formalaşdırılmasında bu kimi görüşlərin vacibliyini bildirib. Qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bundan sonra da mühüm layihələrin reallaşdırılacağını deyib. Öz növbəsində Tobias Bauman miqrasiya sahəsində prosedurların tətbiqində son illərdə həyata keçirilən islahatların özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini, bununla belə əməkdaşlığın gücləndirilməsi üçün əlavə imkanların da mövcud olduğunu diqqətə çatdırıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.