newsPhoto

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib

Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə 301 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilib.

 Bu münasibətlə keçirilən tədbirdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanda əldə edilən uğurlardan söhbət açılıb. Sabitliyin yüksək səviyyədə təmin olunduğu, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən bəhs edilib. Bildirilib ki, ölkəmizdəki siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər,  həmçinin respublikamızın geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi, millətlərin və xalqların, ayrı-ayrı dinlərin nümayəndələrinin, dillərin daşıyıcılarının bir yerdə dinc yanaşı yaşaması, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsində respublikamızın inkişaf sürətinin davam etdirilməsi kimi amillər xaricdə ölkəmizə böyük maraq yaradıb. Ona görə də Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.

Bu gün Azərbaycan Respublikasının vətəndaşı olmaq kimi şərəfə nail olanlarla görüşün həm Dövlət Bayrağı Günü, həm də Konstitusiya Günü ərəfəsinə təsadüf etməsinin də əhəmiyyəti qeyd edilib.

Sonra vətəndaşlığa qəbul edilmiş 294 və bərpa edilmiş 7 şəxs təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a  30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən keçirilir. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur