newsPhoto

Dövlət Miqrasiya Xidmətində Dövlət Bayrağı Günü qeyd olunub

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində keçirilən və Dövlət Himninin ifası ilə başalayan  tədbirdə bildirilib ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan səmasında 18 ay dalğalanıb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra digər atributlarımız kimi, dövlət bayrağımız da bərpa olunub.

Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunu ifadə edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. 

Tədbirdə Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş və xalqımızın böyük fərəh və qürur hissi ilə hər il qeyd etdiyi bu əlamətdar günün tarixindən və əhəmiyyətindən geniş söhbət açılıb. Qeyd olunub ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının və onların vəhdətindən yaranan milli ideologiyasının ifadəsidir. Bu gün BMT-də, müxtəlif beynəlxalq tədbirlərdə qürurla dalğalanan bayraq elə rəmzlərdəndir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacağı addımları müəyyənləşdirir.

İftixar hissi ilə səsləndirilib ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Üçrəngli dövlət bayrağımızın daimi ucalarda, tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əminlik ifadə edilib, Konstitusiyamızın hüquqi və siyasi gücünün əbədiliyi naminə hər kəsin üzərinə düşən məsuliyyəti dərindən dərk etməsinin zəruriliyindən söhbət açılıb.

Tədbir iştirakçıları Azərbaycan Bayrağına həsr olunmuş filmə baxıblar.

Daha sonra Xidmətin bir qrup əməkdaşının Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Muzeyin ekspozisiyası və məşhur xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyi ilə tanışlıq yaddaşlarda unudulmaz izlər buraxıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur