İnteqrasiya - beynəlxalq terminologiyada miqrantların həm fərd, həm də qrup şəklində cəmiyyətə qəbul edilməsi prosesi kimi müəyyən edilir. İnteqrasiya ümumilikdə miqrantlar və onların yaşadıqları cəmiyyətlər arasında ikitərəfli uyğunlaşma prosesinə əsaslanır. Bu proses mütləq qaydada ölkədə daimi məskunlaşmanı nəzərdə tutmasa da, miqrantların qəbul edən cəmiyyətin sosial, iqtisadi, mədəni və siyasi həyatında iştirakını əhatə edir.

Beynəlxalq miqrantlar Azərbaycan əhalisinin və işçi qüvvəsinin kiçik, lakin mühüm hissəsini təşkil edir. Multikultural dəyərlərin və müxtəlifliyin qorunmasına xüsusi önəm verilən Azərbaycanda qaçqın statusu almış şəxslər də daxil olmaqla, əcnəbilərin inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 77-ci maddəsi Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasını əhatə edir. Həmin maddəyə əsasən bu proses könüllü əsaslarla aparılır və bu iş aidiyyəti dövlət qurumlarının iştirakı ilə Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilir.

Bu sahədə hazırki dövrədək bir sıra mühüm tədbirlər görülmüşdür. Belə ki, miqrantların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsinə dair Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzi tərəfindən ödənişsiz kurslar təşkil olunur. Eyni zamanda ölkədə yaşayan miqrantların Azərbaycanda miqrasiyanın idarə edilməsində iştirakının dəstəklənməsi məqsədilə 2022-ci ildə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası yaradılmışdır.

Miqrantların yerli icmanın həyatında tam iştirakına dəstək olmaq üçün atılan addımların genişləndirilməsi məqsədilə Avropa İttifaqının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin birgə təşəbbüsü MİEUX+ proqramı çərçivəsində “Miqrantların İnteqrasiyasına dair Strategiyanın, əlaqədar Fəaliyyət Planının və Tədris Proqramının hazırlanmasına dəstək” pilot layihəsi həyata keçirilir.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE - 2)“ layihəsi çərçivəsində 2023-cü ilin fevral ayından əcnəbilərə, o cümlədən qaçqınlara pilot inteqrasiya xidmətləri göstərilir. Qeyd olunan İnteqrasiya Proqramı barədə məlumatı buradan əldə edə bilərsiniz.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur