AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir
2 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd 2009-cu il iyulun 1-dən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində Prezident cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixdə imzaladığı 69 saylı Fərmana əsasən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqinin başlanması ilə əlaqədar olmuşdur.
Xidmət rəisi Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət və iqtisadi islahatlar nəticəsində insanların yaşayış səviyyəsi yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişafla əlaqədar ölkəmizə gələn əcnəbilərin sayı ilbəil artmışdır. Miqrasiya siyasətinin formalaşdırılması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi məqsədi ilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin qarşısına ciddi vəzifələr qoyulduğunu qeyd edən Arzu Rəhimov vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar imzaladığı Fərman miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsinə xidmət edir.
Xidmət rəhbəri həmçinin Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları” barədə də ətraflı məlumat vermişdir.
Tədbirin sonunda xidmət rəisi Arzu Rəhimov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Regional miqrasiya idarələri