AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir
Mayın 8-də Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
Tədbirdən əvvəl qurumun nümayəndələri Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoymuş, Ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.
Dəyirmi masada Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. A. Rəhimov Ulu öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Azərbaycanda iqtisadi və mədəni tənəzzülün mövcud olduğunu, məhz onun gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqi dövrü yaşadığını nəzərə çatdırmışdır.
Ölkəmizi müstəqil dövlət quruculuğuna aparan yolun, əslində, 1969-cu ildən – məhz Ulu öndərin hakimiyyətə gəlişindən sonra başladığını vurğulayan xidmət rəhbəri qeyd etmişdir ki, azərbaycançılığın ən parlaq səhifələri məhz həmin illərdən etibarən yazılmışdır. Belə ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Arzu Rəhimov qeyd etmişdir ki, Heydər Əliyevin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri kimi respublikada təhsilin inkişafı, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi, milli hərbçi kadrların hazırlanması məsələlərinə xüsusi diqqət yetirilmiş, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.
Xidmət rəisi daha sonra bildirmişdir ki, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridən Heydər Əliyev ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmış, 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmiş, dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində də müstəsna xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın daha da qüdrətli, müasir dövlətə çevrildiyini vurğulayan Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov gələcək nəsillərin bu böyük məktəbdən, dahi şəxsiyyətin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağına əmin olduğunu bildirmişdir.
Dəyirmi masada xidmət rəisinin müavini Pərviz Musayev və digər iştirakçılar Ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.
Regional miqrasiya idarələri