AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Daxili İşlər nazirinin müavini ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq bağlarının tarixi köklərindən, münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin dövlət başçılarının əvəzsiz fəaliyyətlərindən bəhs edib. İki qardaş ölkə  arasındakı sıx əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının türkdilli ölkələr arasındakı münasibətlərə də öz müsbət təsirini göstərdiyini bildirib.

Xidmət rəisi ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, əcnəbilərin rahatlığının və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Bildirib ki, Azərbaycana 30 günədək müddətinə səfər etmək istəyən Türkiyə vətəndaşlarına viza tələbinin ləğvi iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da güclənməsinə xidmət edir.

Vüsal Hüseynov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında miqrasiya, readmissiya və vətəndaşların qarşılıqlı səyahətlərinin sadələşdirilməsinə dair Saziş” və  “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində Anlaşma Memorandumu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra işlərin görüldüyünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycan və Türkiyə vətəndaşlarının hüquq və vəzifələrinin tam təmin olunmasında birgə layihələrin həyata keçirilməsinin, eləcə də  miqrasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin  vacibliyini diqqətə çatdırıb.

Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Regional miqrasiya idarələri