AZ EN RU
logo Aliyev
Ölkəmizdə ali təhsil almaq istəyən əcnəbi tələbələrin miqrasiya məsələləri müzakirə olunub

Yeni tədris ilinin başlaması ərəfəsində Dövlət Miqrasiya Xidməti Aparatında Təhsil Nazirliyinin  ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil ocağının müvafiq struktur bölmələrinin məsul əməkdaşları ilə görüş keçirilib.

Tədbirin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarını Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırmaq və əcnəbi tələbələrin miqrasiya məsələlərini müzakirə etmək olub.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev DMX tərəfindən Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər, Miqrasiya Məcəlləsinə və Dövlət rüsumu haqqında qanuna edilən yeni dəyişikliklər barədə müfəssəl məlumat verib.

Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri də şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır.

O, təşrif buyuran hər bir əcnəbi tələbənin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması istiqamətdə görülən işlərdən danışıb. Ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının bu prosesə diqqətlə yanaşmalarının zəruriliyini diqqətə çatdırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri