AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşüb

 Tədbirdə  Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan şirkətlərin nümayəndələri, Azərbaycan və Almaniyadan olan iş adamları iştirak ediblər.

 Dövlət miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirin təşkilində Palatanın icraçı direktoru, AHK Azərbaycanın İdarə Heyətinin üzvü Tobias Baumanna təşəkkürünü bildirərək dövlət ilə özəl sektor arasında dialoqun inkişafına töhfə verən və artıq ənənə halını almış bu görüşlərin əhəmiyyətini vurğulayıb. Son zamanlar miqrasiya qanunvericiliyində aparılmış dəyişikliklərin üstünlüyünü qeyd edən Xidmət Rəisi  bu sahədə mütəmadi olaraq təhlillər aparıldığını, dünyada cərayan edən proseslərin izlənildiyini,  ölkəmizdə miqrasiya siyasətinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi üçün gələcəkdə də yeni təkliflərin veriləcəyini deyib. Dövlət  başçısının turizmin inkişafını  daim diqqətdə saxladığını, son zamanlar bu istiqamətdə müsbət dinamika müşahidə olunduğunu, turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyin artırılması məqsədilə miqrasiya qaydalarının və viza tələblərinin sadələşdirildiyini vurğulayan Xidmət rəisi bu sahədə şəffaflığın tam təminatında bir sıra  işlər görüldüyünü, o cümlədən elektron xidmətlərin çeşidinin artırılması və innovativ layihələrin həyata keçirildiyini bildirib.

 “ASAN xidmət indeksi” üzrə  2017-2018-ci il qiymətləndirməsində Dövlət Miqrasiya Xidmətinin mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticə (68,98 %) göstərdiyini söyləyən Vüsal Hüseynov xidmət tərəfindən mütəmadi maarifləndirmə və təbliğat-təşviqat işlərinin aparılmasını, MİGAZ mobil tətbiqinin istifadəyə verildiyini də diqqətə çatdırıb.

Daha sonra tədbirdə Xidmət Rəisi Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan şirkətlərin nümayəndələri və iş adamlarının suallarını cavablandırıb, bir sıra məsələləri müzakirə edib.

Regional miqrasiya idarələri