AZ EN RU
logo Aliyev
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkələrarası dialoqun gücləndirilməsi, müvafiq sahələr üzrə əməkdaşlığın, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əlaqələrin genişləndirilməsi, miqrasiya və inkişafın əlaqəli idarəolunması sahəsində praktiki və innovativ təc­rü­bələrin tətbiqi məqsədilə xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir.

Dövlət Miqrasiya Xidməti çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ),  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığı, Belçika Krallığı, Almaniya Federativ Respublikası, Ukrayna, Tacikistan Respublikası və digər ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir.

Dövlət Miqrasiya Xidməti Aİ-nin Tvinninq və Texniki Yardım və Məlumat Mübadiləsi (TAİEX) kimi proqramlarından fəal şəkildə istifadə edir. Aİ-nin dəstəyi ilə indiyədək Xidmət tərəfindən 1 Tvinninq və 9 TAİEX layihəsi uğurla həyata keçirilmişdir. Həmçinin, Dövlət Miqrasiya Xidməti Aİ-nin Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" adlı birinci platformasında təmsil olunur. Təşkilatla miqrasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri 29 noyabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi” və 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlərin, həmçinin 5 dekabr 2013-cü il tarixdə  “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin imzalanması olmuşdur. Təşkilat əsasən beynəlxalq tərəfdaşlarla həyata keçirilən miqrasiya sahəsi ilə əlaqəli beynəlxalq layihələrin donorluğunu həyata keçirir.

Azərbaycan Respublikası BMqT-yə üzv olduqdan sonra bu təşkilatla Azərbaycan Respublikası arasında əməkdaşlıq daha da inkişaf etdirilmişdir. İki qurum arasında miqrasiya proseslərinin tənzimlənməsi, miqrasiya sahəsində göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, səmərəli readmissiya idarəçiliyinin yaradılması, əmək bazarı informasiya sisteminin gücləndirilməsi və digər maraq kəsb edən istiqamətlərdə mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Faydalı əməkdaşlığımızın nəticəsi kimi 2-3 sentyabr 2015-ci il tarixlərdə Azərbaycan Hökumətinin dəvəti əsasında BMqT-nin baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü dövlətimizin bu təşkilatla əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Dövlət Miqrasiya Xidmətini təmsil edən nümayəndə heyətlərinin müxtəlif dövrlərdə BMqT Şurasının sessiyalarında, yüksək səviyyəli konfranslarda iştirakı, o cümlədən təşkilatın baş direktorunun müavini Laura Tompsonun, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfərləri haqqında danışılan əməkdaşlığın möhkəmlənməsinin göstəricisidir.  

Təşkilat ölkəmizdə miqrantların hüquqlarının qorunmasına, onların davamlı inteqrasiyasına yönəlmiş bir sıra önəmli layihələr həyata keçirmişdir. Hazırda, təşkilatla  “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi və “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə” uğurla həyata keçirilir, həmçinin bir neçə yeni layihənin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparılır.

Azərbaycan Respublikası ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət əməkdaşları arasında qaçqın statusunun müəyyənləşdirilməsi, onların cəmiyyətə inteqrasiyasının təşkili, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması  və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər və tədbirlər keçirilir.

Dövlət Miqrasiya Xidmətinin sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olan MSİBM ilə Azərbaycan Respublikası Hökuməti arasında 2006-cı ildə əməkdaşlıq sazişinin imzalanması ilə tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Sözügedən təşkilat tərəfindən ölkəmizdə Miqrasiya: Avropa İttifaqının Ekspertizası (MİEUX) proqramı çərçivəsində bir neçə layihə həyata keçirilmişdir. Hazırda, təşkilatla “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsi uğurla həyata keçirilir, həmçinin bir neçə yeni layihənin reallaşdırılması imkanları araşdırılır.

Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi təşkilatlardan biri də MDB-dir. MDB çərçivəsində fəaliyyət göstərən Miqrasiya Orqanları Rəhbərləri Şurasında (MORŞ) ölkəmizi Dövlət Miqrasiya Xidməti təmsil edir. Xidmət öz səlahiyyətləri çərçivəsində ölkə rəhbərliyinin xüsusi rəylərini nəzərə almaqla Şuraya üzv olan dövlətlərlə (Ermənistan Res­publikası istisna olmaqla) əməkdaşlıq edir. Şuranın 8-ci və 19-cu iclasları müvafiq olaraq 30.09.2010-cu və 12.10.2016-cı il tarixlərdə Bakı şəhərində təşkil olunmuşdur.

Qeyd olunanlarla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi beynəlxalq tərəfdaşlarla da mövcud əlaqələrin dərinləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Belə ki, sözügedən təşkilatların rəsmiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, Xidmət əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təcrübə səfərləri və ölkədaxili tədbirlər təşkil olunur. Həmçinin, BQXK-nin saxlama yerlərinin monitorinqini həyata keçirən qrupunun Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə maneəsiz baş çəkmələri təmin olunur.

Dövlət Miqrasiya Xidməti digər dövlətlərin miqrasiya məsələlərindən məsul qurumları ilə də ikitərəfli əsasda əlaqələrini inkişaf etdirir. Bu ölkələr sırasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığı, Almaniya Federativ Respublikasının adlarını xüsusilə qeyd etmək olar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri tarix boyu yüksək səviyyədə olmuşdur. Mütəmadi olaraq, Türkiyə Respublikasının müvafiq qurumlarının rəhbərləri, eləcə də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirləri ilə Xidmət rəhbərliyi arasında görüşlər keçirilir və əməkdaşlığın perspektivləri müzakirə olunur. Hazırda, Türkiyə tərəfi ilə miqrasiya sahəsində yeni müqavilə layihələrinin razılaşdırılması istiqamətində işlər davam etdirilir.

Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan etibarən Rusiya Federasiyasının aidiyyəti dövlət orqanları ilə ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdır. Qurumlar arasında istər rəhbər, istərsə də işçi səviyyədə  qarşılıqlı işgüzar səfərlər və görüşlər təşkil edilmiş, miqrasiya sahəsində təcrübə mübadiləsi aparılmış, eləcə də həyata keçirilən əməkdaşlıq platformaları çərçivəsində əlaqələr qurulmuşdur. 2016-cı ildə Bakı şəhərində keçirilən MDB MORŞ-un 19-cu iclasında iştirak etmək məqsədilə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə vermişdir.

Niderland Krallığının Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən İmmiqrasiya və Naturalizasiya Xidməti, həmçinin Repatriasiya və Geriqaytarma Xidməti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında münasibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq layihələr çərçivəsində uğurla inkişaf etdirilir. Dövlət Miqrasiya Xidmətinin rəisi ilə adıçəkilən qurumların rəhbərləri, həmçinin Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri arasında mütəmadi olaraq görüşlər keçirilir və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur. 2018-ci ildə Nazirliyin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Yannita Robbersenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, həmçinin 2019-cu ildə Xidmət rəisinin Niderland Krallığına səfəri çərçivəsində Repatriasiya və Geri Qaytarma, eləcə də  İmmiqrasiya və Naturalizasiya Xidmətlərinin rəhbərləri ilə keçirilən görüşlər ikitərəfli əlaqələri daha da dərinləşdirmiş və iki qurum arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması istiqamətində razılıq əldə olunmuşdur. 

Xidmətin miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyi dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyin təkmilləşdirilməsi, miqrantların, o cümlədən xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi, readmissiya, reinteqrasiya, vətəndaşlıq kimi sahələrdə Almaniyanın Daxili İşlər Nazirliyinin Miqrasiya idarəsi, Bilefeld şəhəri Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən alman təsisatları  ilə əlaqələrini inkişaf etdirir. 2018-ci ilin noyabr ayında Dövlət Miqrasiya Xidmətini təmsil edən nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan olmuşdur. İki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair saziş, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin həyata keçirilməsi üzrə Protokol layihələri razılaşdırılmaqdadır.

Miqrasiya proseslərinin tənzimlənməsi işinin təkmilləşdirilməsi və miqrasiya orqanlarında qulluq keçən əməkdaşların bacarıqlarının artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti qabaqcıl ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələr həyata keçirmiş və bu istiqamətdə işlər hazırki dövrdə də davam etdirilməkdədir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmçinin, beynəlxalq dialoq alətləri, o cümlədən qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan Almatı Prosesi, Aİ ölkələri, Şengen ölkələri, Şərq Tərəfdaşlığı və Qərbi Balkan, Mərkəzi Asiya ölkələri, Rusiya və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə yaradılmış Praqa Prosesi və miqrasiyanın dayanıqlı tənzimlənməsi sisteminin yaradılması istiqamətində fəaliyyət göstərən, 50-dən çox hökumət və 10 beynəlxalq təşkilatdan ibarət Budapeşt Prosesi çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirir.

 

Regional miqrasiya idarələri