Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasının məlumatı


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 2021-ci ilin may ayının 7-dən 9 iyun tarixinə qədər Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin seçilməsi məqsədi ilə namizədlərin qeydiyyatı barədə elan verilmişdir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 1.2-ci bəndinin, şəxslərin namizədliyinin qeydiyyatından imtina hallarını nəzərdə tutan 2.14-cü bəndinin tələblərinə uyğun olaraq, 30 nəfərin namizədliyi qeydə alınmışdır. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülmüş və qeydiyyata alınmış Nəsirova İradə Polad qızı Seçki Komissiyasına ərizə ilə müraciət edərək namizədliyini geri götürmüşdür.

Bir daha bildiririk ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 06.07.2021-ci il tarixdə saat 10:00-dan 16:00-dək Xidmətin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında) gizli səsvermə yolu ilə seçiləcəkdir. 

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsinə maraq göstərən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonları) göstərməklə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir. Məlumatlar 25.06.2021-ci il tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info@migration.gov.az elektron poçtu vasitəsilə təqdim oluna bilər.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info@migration.gov.az elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur