Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib


27 iyul 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibinin ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya  siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edildiyini bildirib.

Xidmətin ölkəmizdə İctimai Şuranın yaradıldığı ilk dövlət orqanlarından biri olduğunu vurğulayan V.Qəhrəmanov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsində, Xidmət ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilində, miqrantların hüquqlarının və qanuni maraqlarının müdafiəsi istiqamətində aparılacaq fəaliyyətdə Şuranın üzvlərinə uğurlar diləyib.

Tədbirdə Şura üzvləri öz aralarından Şuranın sədrini, sədr müavinini və katibini seçiblər. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, sədr müavini “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova, katibi isə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova seçilib. İclasda “Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Etik Davranış Qaydaları” və “Azər­bay­can Res­pub­li­ka­sı­ Dövlət Miqrasiya Xidməti ya­nın­da İc­ti­mai Şu­ra­nın Reqlamenti” qəbul olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur